“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verib.
Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.
“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.
Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.
Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.
Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.
Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb.
Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib.
Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
7 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)







.jpg)









